1 2 3 4 5 6

III Fəsil Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi

səhifə3/6
tarix01.02.2018
ölçüsü499.65 Kb.

III Fəsil
Meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası
sahəsində dövlət idarəetməsi


Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:

meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;

meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;

investisiya siyasətini həyata keçirir;

meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir;

meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;

hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;

meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir, meşə materiallarına qiymət qoyur;

meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir;

köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir;

meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə-axtarış işlərini təşkil edir və əlaqələndirir;

meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;

meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir;

meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;

meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;

meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;

meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:

iqtisadiyyatın inkişafı;

ətraf mühitin mühafizəsi;

ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.

Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti

Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.

Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.


IV Fəsil
Meşə təsərrüfatının təşkili


Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər

Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.

Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:

insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;

oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;

meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığının yüksəldilməsi, mühafizəsi və qorunması;

meşə fondu torpaqlarından səmərəli istifadə;

meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqçıl təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;

bioloji müxtəlifliyin saxlanılması;

tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.

Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi

Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:

qoruq meşələri;

kurort meşələri;

xüsusi qiymətli meşə massivləri;

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

yabanı meyvə meşələri;

dövlət qoruyucu meşə zolaqları;

sair meşələr.

Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşəparklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.

Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi

Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 33. Meşənin qırma yaşının təyini

Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.

Meşənin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.

Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası

Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.

Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.

Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması

Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.

Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.

Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması

Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası

Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.

Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.

Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.

Maddə 38. Meşə fondunun dövlət uçotu

Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.

Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.

Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.

Maddə 39. Dövlət meşə kadastrı

Meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur.

Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 40. Meşələrin monitorinqi

Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.

Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları

Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.

Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.

Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları

Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

Maddə 43. Meşə quruluşu işləri və onun aparılması

Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir.

Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:

müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin meşə fondu sərhədlərinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;

topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;

meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;

relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;

meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;

meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;

hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;

meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;

meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;

meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;

meşə quruluşu layihələrinin həyata keçirilməsinə nəzarət;

digər meşə quruluşu işləri.

Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.

Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid sistem üzrə aparılır.

Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.

Maddə 44. Meşə fondu haqqında məlumat

Meşə fondu haqqında məlumat meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairdən ibarətdir.

Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.

Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadəni, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.

Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər

Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı tədbirlər görülür:

meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;

meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;

meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


:

az-AZ-Latn -> 2013
2013 -> Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq
2013 -> Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
2013 -> Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


iilr-hft-rzind-36-saatdan-49.html

iilr-hft-rzind-36-saatdan-53.html

iilr-hft-rzind-36-saatdan.html

iimumdnyaikonstantinopoli.html

iin-elmi-nticsi--.html